25 April, 2008

Masters-2008 necə yarandı

Sabah, aprelin 27-də Xəzər klubunda Fərdi oyun (FO) üzrə əsas xəzərli ustaların ("masterlərin") artıq "Titanların savaşı" adını almış oyunu olacaq. Oyunda FO üzrə klubun ən güclü altı oyunçusu - bilicisi (bəndəniz də daxil olmaqla) bir-birinə qarşı mübarizə aparacaq. Təşkilatçılar mən və mənim keçmiş komanda yoldaşım və köhnə silahdaşım Orxan Cəlilovdur.

Əslində bu ideya Xəzər klubundakı növbəti rəsmi Fərdi Oyunda (FO) mənim qalib gəlməyimdən sonra Rüfətin etdiyi bir şərhdən yarandı: belə ki, Xəzərin forumunda totalizatorlardan danışan bir qrup xəzərlinin müzakirəsi, futbol və sair oyunlara tətbiq olunan sistemin intellektual oyunlara da tətbiq olunub-oluna bilməməsi məsələsinə gəlib çıxınca, Rüfət də mənim Fərdi Oyunun digər "əjdahası" Rusiflə hipotetik qarşılaşmama dair kiçik üstəgəl-çıx elədi. Uşaqlar da bu fikri göydə qapdılar - totalizator məsələsini yox ha, mənim Rusiflə qarşılaşmağımı! Hətta oyun üçün suallar yazmağa könüllülər də tapıldı! (Ax, ax, Yuvenal, səhv etməmisən vaxtilə deyəndə "Çörək və Tamaşa!")

Amma diskussiya getdikcə məlum oldu ki, bu görüşün üçüncü adamını müəyyən etmək problem doğuracaq (axı oyunda ən azı üç nəfər olmalıdır - klubda isə bu yeri tutmağa o qədər layiqli adam var ki!). Məhz belə bir anda Cəlilov və mənim danışıqlarımızdan İDEYA yarandı: niyə ki, ancaq üç nəfər oynasın? Bəs yerdə qalan bilicilər? Hər halda "əjdahakimilər" fəsiləsindən mən, Rusif və Oktay ilə yanaşı Rüfət, Tural və hələ cavan əjdaha Fədai də oynaya bilər! Özü də bu zaman şou daha uğurlu alınar və Yuvenalın da ruhu inciməz!

Beləliklə də, ekstremal şəraitdə hazırlıqlar başlanıldı: tələm-tələsik oyunun planı və formatı quraşdırıldı, oyunçular ilə onlayn məsləhətlər aparıldı, PR və reklam xarakterli informasiyaların təbliğatına başlanıldı və ən nəhayət sual paketi yazıldı (bu cəhətdən qiymətli vaxtından kəsib bunun üçün vaxt ayıran sual paketinin redaktoru Cəlilova dərin təşəkkürlər!) . . .

Nəhayət oyun gününə 1 gün qalır. Bilicilərin beyni gicişir. Sabah da nə?harada?nə zaman? üzrə Azərbaycan çempionatının növbəti turudur. Qarşıdan iki digər çempionat gəlir - Bahar Kuboku və İstiqlaliyyət Kuboku. Xəzərin dövrə oyunlarında 5 güclü komanda arasında intriqa durmadan artır (yaxşı mənada). Bəs görəsən yazın bu qanqaynadan vaxtında bilicilərimiz Masters-2008 turnirində necə performans göstərəcək?

Ardı gələn postlarımda . . .

No comments: