30 April, 2008

Məktəb liqasında oxuduğum suallar (27 Aprel, 2008)

Sizə məktəblilərin oyununda oxuduğum bəzi sualları təqdim edirəm. Yoldaşlar dedilər ki, suallar çox çətin idi, xüsusən də məktəblilər üçün. Sözün düzü, mən də bu fikri bölüşürdüm, amma belə məntiqlə hərəkət edirdim ki, nə olsun məktəblidirlər, qoy bu dəfə çətin sualları oynasınlar da...

1. Bu qurumun Azərbaycan dilindəki abreviaturası bir klassik hind filminin qəhrəmanlarını xatırladır. Bəs həmin qurumun orijinaldakı abreviaturası necədir ?

Cavab: İTAR-TASS
Şərhlər: Azərbaycanca RİTA-SİTA, yada isə Gita və Zita düşür

2. Siz yəqin ki, Çin mətbəxinin ekstravaqnalığı haqqında çox eşitmisiniz. Kantonda “pələngin əjdaha ilə döyüşü” adlanan xörək çox məşhurdur. Bəs bu xörəyin iki əsas inqrediyenti nədir?
Cavab: Pişik və ilan əti

3. Amerikanın ilk yepiskopu Las Kasas yerli hindiləri müdafiə edən bəlkə də ilk avropalı olub, lakin tarix elmi Las Kasasın humanistliyi barədə daha çox susmağa üstünlük verir. Bunun səbəbi isə Las Kasasın elə həmin hindilərin aqibətini yüngülləşdirmək üçün irəli sürdüyü bir təklifdir. Bəs Las Kasas nə təklif etmişdi?
Cavab: Afrikadan qullar gətirmək

4.Onlar peyda olanda Avropada merkuri adlanırdı və indi daha çox qısalmağa meyl edən cəhətləri o zaman bacardıqca uzun olardı. ABŞ və İngiltərədə onları hazırlandıqları materialın adı ilə adlandırırlar, bizdə isə bir orta əsr pul vahidinin adı ilə. Bir dəqiqə sonra bizim onları necə adlandırdığımızı cavab kartınız yazın, nəzərə alın ki, ABŞ və İngiltərədə əsasən dövlətə məxsus olanlar belə adlanır?
Cavab: Qəzet
Şərhlər: təbii ki, paper və newspaper; qəzet orta əsr italyan gümüş puludur,

5. Bir filmdən fraqment. Bir nəfər 10 il öncə tərk etdiyi psixoloqun yanına gəlir və onu narahat edən problemdən danışır. Bu “problemdən” heyrətlənən psixoloq deyir: “Freyd öldü və bir suala cavab tapmadan öldü. [ Buraxılmış sətir] Amma bu gün siz bu suala çox asanlıqla cavab tapa bilərsiniz”. Bu sitat hansı filmdəndir?
Cavab: Qadınlar nə istəyir
Şərh: Sualda buraxılmış sətir həm də filmin adıdır.

6. Haqverdiyevin “Dağılan tifaq” pyesinin Şuşada baş tutan ilk tamaşasında rus-tatar məktəbinin şagirdlərindən iki qardaş epizodik rolda çıxış edirdilər. Onlar “əsmə, badi-səba, əsmə” oxuya-oxua səhnəyə çıxır, mayide rast gələrək “vay, burda bir ölü var” qışqırır və səhnədən qaçırdılar. Aradan bir xeyli il keçəndən sonra 1908-ci ildə bu qardaşların soyadı Tağıyev teatrının afişalarında peyda oldu. Həmin soyadı cavab kartınıza yazın.
Cavab: Hacıbəyov
Şərh: 1908, Leyli və Məcnunun premyerası

7. Siz Moskvanın Teatralnı meydanı haqqında yəqin ki eşitmisiniz, Bolşoy Teatr məhz orada yerləşir. Bəs nə üçün belə gözəl və səliqəli meydanda 1917-ci ildən qabaq soyuq qış axşamlarında həmişə tonqal yandırardılar?
Cavab: Faytonçular və nökərlər soyuqdan donmasınlar
Şərh: Axı varlılar teatra gələndə özləri ilə lakey və faytonçular gətirirdilər

8. 2005-ci ilin aprel ayında ABŞ Maliyə Nazirliyinin qarşısında bir ördək yuva qurdu və 9 yumurta çıxardı. Ördəyə məmurların verdiyi ad isə bir ABŞ rəsmisiin adından cəmi bir hərflə fərqlənirdi. Ördəyin adı nə idi?
Cavab: Dak Çeyni

9. Bir dəfə sual müəllifinin diqqətini Bakı Soveti yaxınlığında dükan adı cəlb etdi. Ad rus dilində olsa da latın qrafikası ilə yazılmışdı. Addakı hərlərdən biri iynəyə, ikisi isə düyməyə bənzədilmişdi. Bəs bu səkkiz hərfli söz nə idi?
Cavab: İqoloçka

10. Bolşoye Kulinarnoye Puteşestviye verilişinin aparıcısı Krit adasında olarkən zarafatla deyir: Kritdə olan hər bir turist üç şeyi etməlidir (a) labirintə daxil olmaq (b) labirintdən çıxış yolu tapmaq. Üçüncünü etmək isə bəlkə də ən əsasdır, çünki onsuz siz heç ikincini də edə bilməzsiniz. Bəs bu üçüncü nədir?
Cavab: Minotavra rast gəlməmək

11. Lətifə: Bir turist Qabrovoda qəza keçirir və qanköçürməsin ehtiyac duyur. Bir qabrovolu ona öz qanından verir və əvəzində xeyli pul alır. İkinci qanköçürmədən sonra turist bu məbləği yarıbayarı azaldır, üçüncü dəfə isə qabrovoluəliboş geri qayıdır. Bəs turistin bu xəsisliyinin səbəbi nə idi?
Cavab: Artıq damarlarında Qabrovo qanı axırdı

12. Cəvahirləl Nehrunun 30-cu illərdə qızına yazdığı məktublardan ibarət Ümumdünya Tarixinə Bir Nəzər kitabını tərcümə və nəşr edənlər tez-tez mətnə birinci sözünü artırmalı olurlar. Bəs bu kitabda birinci sözü daha çox hansı ifadənin qarşısına əlavə edilir?
Cavab: Dünya müharibəsi

13. Səhnədə nə isə ifa edərkən tamaşaçılara arxa çevirmək ədəbsizlik sayılır. Lakin 2004-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının açılışında səhnədə ifa edən Mistislav Rastropoviç tamaşaçılara, o cümlədən prezidentə, səfirlərə, dövlət və mədəniyyət xadimlərinə arxasını çevirmişdi. Bəs niyə?
Cavab: Üzünü H. Əliyevin portretinə tutmuşdu
Şərhlər: Filarmoniyanı Heydər Əliyev açmalı idi, ancaq rəhmətə getdi və bu, baş tutmadı. Ona görə də filarmoniyanın açılışı Heydər Əliyevin xatirəsinə həsr edilmişdi.

14. Bir dükanın qapısına vurulmuş lövhədən yazı: “Qapını bağlayın, Zakroyte dver, Close the door, Kinq konq fu, ...”. Bəs siyahını hansı şəhərin adı tamamlayır?
Cavab: Dərbənd
Şərhlər: Dəmir qapı Dərbənd, Qafqazın qapılarında qıfıl, həm də axı Dərbənd farsca "qapını bağla" deməkdir!

15. Dünyanın üç qitəsində fəthlər edən Osmanlılar hər yerdə bunu axtarırdılar, Hələ çox qədimdə isə 3 gözəl qadın bunun üstündə savaşmışdı da. Bəs bu mübahisədən hansı şəhər zərər çəkmişdi?
Cavab: Troya
Şərhlər: Hera, Afina və Afrodita arasında gedən mübahisədə Troyalı Parisin qərəzli hakimliyindən sonra allahlar Troyanı dağıtmaq qərarına gəldilər.

16. Orxan Fikrətoğlunun bir parafrazında bu aforizm qiymətlərə münasibətdə işlədilir, bəs orijinalda hansı əşyanın adı çəkilir?
Cavab: Bayraq
Şərhlər: Orxan Fikrətoğlu demişdi: "Bir kərə yüksələn qiymətlər, bir daha enmir"

17. 1922-ci ilin yanvarında Kannda Avropa dövlətlərinin iştirak etdiyi növbəti diplomatik konfransda Fransanın baş naziri Aristid Brianın kompromisə meylli mövqeyi Fransa ictimaiyyətində elə qəti narazılıq doğurmuşdu ki, hələ konfransın əvvəlində Brian geri çağrılmış və parlament ona etimadsızlıq votumu göstərmişdi. Onu devirənlər belə bir şüarla çıxış edirdilər: “Brian Kanna gedirdi, amma gedib [BURAXILMIŞ SÖZ] çıxdı”. Buraxılmış sözü tapın
Cavab: Kanossaya.
Şərhlər: Kanossaya getmək - alçalmaq, güzəştə getmək deməkdir

18. Siz fobiyalar haqqında çox eşitmisiniz, amma hippopotomonstroseskvippedaliofobiya sözünə yeqin ki birinci dəfə rast gəlirsiniz. Bununla belə bir qədər fikirləşsəniz bir dəqiqə sonra cavab kağızına bu sözün mənasını yazmaqda heç də çətinlik çəkməyəcəksiniz.
Şərhlər: uzun sözlərdən qorxmaq

No comments: